Xəzər Xəbər

Bakıda sürücüyə eyni anda 14 cərimə gəlib VİDEO

Veb TV | 22:06 • 5 Avqust 2024
Bakıda sürücüyə eyni anda 14 cərimə gəlib

Bakıda taksi sürücüsünə eyni anda 14 protokol və 300 manat cərimə məbləği gəlib.

Xezerxeber.az-ın məlumatına görə, bu cür vəziyyətlə paytaxt sakini İlqar Abdullayev üzləşib.

O iddia edir ki, cərimələrin çoxunun vaxtı keçib. Yəni 7-8 ay əvvəl törətdiyi qayda pozuntularının cərimələri indi ona gəlib.

Taksi sürücüsü iddia edir ki, yanvar ayından iyul ayının sonuna kimi nə qədər yol hərəkəti qaydasını pozubsa, ona bu barədə heç bir məlumat daxil olmayıb. Daha doğrusu, şəxsi kabinetinə məlumat gəlməyib.

İlqar Abdullayev onu da bildirib ki, avtomobili icbari sığorta olduğu halda hətta cərimələrdən biri sığorta olunmaması ilə bağlıdır.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən ''Xəzər Xəbər''ə bildirdilər ki, sözügedən nəqliyyat vasitəsi lizinq şirkətinin nəzdindədir və müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə yol vərəqəsi əsasında sürmək üçün verilib. Amma bu barədə yol polisinə məlumat verilməyib. Törədilən xətalar sonuncu dəfə etibarnamə əsasında avtomobili idarə edən şəxsə göndərilib. Baş Dövlət Yol Polisi İdarəsindən o da əlavə edildi ki, yol vərəqəsi ilə avtomobil hansısa sürücüyə idarə etmək üçün verildikdə bu barədə ərazi üzrə yol polis şöbəsi və ya bölmələrinə məlumat verilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar