İsmayıllıda çaya gələn güclü sel suları körpünü qəzalı vəziyyətə salıb.
Xezerxeber.az-ın məlumatına görə, rayonun Qalacıq kəndindən keçən Səngərçay üzərindəki asma körpü çaya gələn güclü sel səbəbindən keçilməz hala düşüb.
Kəndi ikiyə bölən Səngərçay üzərində olan körpünün uzunluğu 70, eni 1 metrdir. Bir neçə il əvvəl kənd sakinləri tərəfindən yenilənən asma körpü çaya gələn güclü sel səbəbindən dağılıb.
Kəndin digər hissəsinə keçid üçün yaxın məsafədə çay üzərində avtomobil körpüsü olmadığı üçün böyükdən-kiçiyə hər kəs əziyyət çəkir, üstəlik, körpünün uçması məsələni daha da qəlizləşdirib.
Sakinləri narahat edən məsələ ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətindən bildirilib ki, kənd ərazisindən keçən Səngərçay üzərində olan və hazırda yararsız hala düşən körpünün təmir-bərpa işlərini kənd bələdiyyəsi öhdəsinə götürə bilər. Qalacıq kənd bələdiyyəsindən isə bildirib ki, körpünün bərpası müəyyən vəsait tələb edir.
Çay üzərində yeni avtomobil körpüsünün salınmasına gəldikdə isə, Avtomobil Yolları Dövlət Agentliyinindən bildirilib ki, İsmayıllı rayonunun Qalacıq kəndini iki hissəyə ayıran körpünün tikinti layihəsi hazırlanaraq qanunvericiliyə uyğun ekspertiza rəyi alınması məqsədilə aidiyyəti üzrə təqdim olunub və rəy alınıb:
"Həmin ekspertiza rəyi də aidiyyəti üzrə təqdim olunub. Ayrılacaq maliyyə vəsaiti və qəbul olunacaq qərardan asılı olaraq Səngərçay üzərində körpünün tikilməsi məsələsinə baxılacaq”.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.