Xəzər Xəbər

Sifariş ünvanına fərqli avtomobillərlə gələn taksi sürücülərinin icazələri ləğv ediləcək VİDEO

Veb TV | 20:35 • 1 Avqust 2024
Sifariş ünvanına fərqli avtomobillərlə gələn taksi sürücülərinin icazələri ləğv ediləcək

Sifariş ünvanına fərqli avtomobillərlə gələn taksi sürücüləri daşımalardan kənarlaşdırılacaq.

Xezerxeber.az-ın məlumatına görə, bu, rəqəmsal inkişaf və nəqliyyat nazirinin taksi şirkətlərinin nümayəndələri ilə görüşündə bildirilib.

Vurğulanıb ki, yeni tələblərin tətbiqindən sonra sürücülərin ünvanlara fərqli avtomobillə gəlməsi, çatdırılma xidməti adı altında sərnişindaşımaların həyata keçirilməsi, icazəsi olmayan nəqliyyat vasitələrinə sifarişlərin ötürülməsi kimi hallar müşahidə edilir. Bununla bağlı vətəndaşlar tərəfindən daxil olan müraciətlər araşdırılır və qanunvericiliyin tələblərinə riayət etməyənlər daşımalardan kənarlaşdırılır.

Vətəndaşlar da müxtəlif daşıyıcı şirkətlərdən taksi sifarişi zamanı ünvana proqramda qeyd olunan avtomobildən fərqli avtomobil gəldiyini bildirirlər.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, sifarişə gələn nəqliyyat vasitələrinin eyni olub-olmaması ilə bağlı sərnişinə bildirişin getməsi üçün operatorların proqram təminatlarında funksionallığın aktivləşdirilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, taksi şirkətlərinə qısa müddət ərzində qeyd olunan çatışmazlıqları aradan qaldırmaq və fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun təşkil etmək tövsiyə olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar