Son günlər havaların qeyri-sabit keçməsi xüsusən leysan yağışları Qəbələnin bir sıra yaşayış məntəqələrində fəsadlar törədib.
Xezerxeber.az xəbər verir ki, güclü leysandan sonra Durca çayında suyun səviyyəsi artıb və nəticədə Uludaş kəndində sakinlərin təsərrüfatını, həyətyanı sahəsini lilli su basıb.
80 fərdi təsərrüfatın olduğu kənddə 2 min nəfərə yaxın insan yaşayır. Kənd relyef baxımından düzənlikdə yerləşdiyindən sel-sular demək olar ki, əksər təsərrüfatlara zərər vurub.
Son günlər yağan leysan yağışlar nəticəsində Qudyalçayına da güclü sel gəlib. Sel suları Quba rayonun 400-dən çox sakinin yaşadığı Küpçalqışlaq kəndində fəsadlara səbəb olub. Çayın kənarlarındakı torpaq qatı uçub, kəndin yolu bağlanıb. Eyni zamanda çayın kənarında olan elektrik dirəkləri aşıb. Nəticədə sakinlər elektrik enerjisiz və yolsuz qalıb.
Hadisə baş verən əraziyə müvafiq dövlət qurumlarının əməkdaşları cəlb olunub. Fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.