Bakı-Sumqayıt şosesinin Abşeron Gənclər şəhərciyinin yaxınlığından keçən hissəsində yol çöküb.
Xezerxeber.az-ın məlumatına görə, şökən hissə daşlarla doldurulub, ətrafına avtomobil şini qoyulub ki, yoldan keçən nəqliyyat vəsitələri oraya düşməsin.
Sürücülər deyirlər ki, yolun çökən hissəsi getdikcə daha da genişlənir və böyük dəlik yaranır.
Sürücülər bildirirlər ki, axşam saatlarında həmin yoldan keçmək daha təhlükəlidir. Çünki qaranlıqda yolun çökən hissəsini hər sürücü görə bilmir. Odur ki, ərazidə hər an ağır qəza baş verə bilər.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin sözçüsü Seymur Qasımov "Xəzər Xəbər"ə bildirib ki, çökməyə əsas səbəb magistral yolun yaxınlığında inşa edilən binalar üçün podratçı təşkilat tərəfindən kanalizasiya xəttinin çəkilişi və son günlərdə havanın yağmurlu keçməsidir. O qeyd edib ki, yaranmış çöküntü Bakı-Quba magistral şosesinin köməkçi hissəsindədir. Yağış suları asfalt örtüyünün altına keçərək yolun alt qatını yuyub və nəticədə çöküntü əmələ gəlib. Yaxın günlərdə binanı tikən şirkət yolun bərpa işlərinə başlayacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.