Samur-Abşeron kanalının Sumqayıtın Ceyranbatan qəsəbəsindən keçən hissəsində 14 yaşlı yeniyetmə çimərkən batıb.
Xezerxeber.az-ın məlumatına görə, 14 yaşlı Sübhan Mirzəyev dostları ilə birlikdə kanalda çimərkən boğulub.
Yoldaşları sudan çıxa bilsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Bir neçə saatlıq axtarışlardan sonra Sübhan Mirzəyevin meyiti batdığı yerdən bir neçə metr aralıdan tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Sabirabadda isə babasıgilə qonaq gedən azyaşlı su kanalına düşərək boğulub. Hadisə rayonun Zalqarağac kəndində baş verib. Rayonun Bala Həşimxanlı kənd sakini 4 yaşlı Yusif Pənciyev valideynləri ilə birlikdə babasıgilə qonaq gedib. Valideynlərinin gözündən yayınan Yusif həytədəki su kanalına düşərək boğulub. Bir müddət azyaşlını axtaran valideynləri onun ayaqqabılarını kanalda tapıblar və orada boğulduğu məlum olub.
Hər iki faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.