Avropa İttifaqının sülh fundamenti və potensialı tükənib.
Xezerxeber.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Avropa İttifaqının Ermənistan silahlı qüvvələrinə 10 milyon avro göndərmək planlarının arxasında onun Cənubi Qafqaz regionuna destruktiv təsirini genişləndirməsi dayanır.
Zaxarova bildirib ki, Qərb xəritədə münaqişə ocağının azalması ilə barışa bilmir.
"Avropa Sülh Fondu isə sülh, sabitlik, təhlükəsizlik üçün deyil. Bu fond müharibə, ölkələri təxribata çəkmək və qan tökmək üçündür. Qərbin belə yanaşmaları təhlükəsizlik və sabitlik baxımından yaxşı heç nə vəd etmir", - deyə Zaxarova vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi, həmçinin, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsinə də toxunub. Zaxarova bildirib ki, Bakı ilə İrəvan arasında sülh Cənubi Qafqazda təhlükəsizliyin təminatı üçün ilkin şərtdir.
Mariya Zaxarova yerdə qalan fikir ayrılıqlarının tezliklə öz həllini tapacağına ümid etdiyini də açıqlayıb. Rusiya XİN rəhbərinin sözçüsü bu fikirdədir ki, Cənubi Qafqazın taleyi və gələcəyini yalnız region ölkələri və qonşu tərəfdaş dövlətlər müəyyən etməlidir. Kənardan heç kim bura sülh və firavanlıq gətirə bilməz.
Zaxarova, həmçinin Bakı ilə İrəvan arasında danışıqlar üçün platforma təqdim etdiyinə görə Qazaxıstana minnətdarlığını bildirib.
Onun sözlərinə görə, Rusiya Azərbaycan və Ermənistan arasında "tərəflərin üstünlük verdiyi ikitərəfli formatda" danışıqlar üçün platforma təqdim etməyə hazırdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.