Dəmiryol nəqliyyatı ilə sərnişinlərin və yük-baqajın daşınması qaydaları təsdiqlənib, uşaqlar üçün güzəştlər açıqlanıb.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.
Qərarla "Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması Qaydaları" təsdiqlənib.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Sənubər Nəzərova "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, sərnişinlərin daşınması sərnişin və daşıyıcı arasında bağlanılmış daşıma müqaviləsi əsasında həyata keçirilir.
Onun sözlərinə görə, yetkinlik yaşına çatmış sərnişinin müşayiəti ilə gedən uşaqlara sərnişinin gediş haqqı uşaq tarifi ilə ödənilir.
Xatırladaq ki, şəhərətrafı qatarlarda uşaqların daşınması bu qaydada həyata keçirilir:
- 7 yaşınadək uşaqlar yetkinlik yaşına çatmış sərnişinin müşayiəti ilə pulsuz daşınır;
- 7 yaşdan böyük uşaqlar gediş haqqı ödənilməklə daşınır.
Rayonlararası şəhərlərarası sərnişin qatarlarında isə uşaqların daşınması bu qaydada həyata keçirilir:
- 10 yaşınadək uşaqların yetkinlik yaşına çatmış sərnişinin müşayiəti olmadan daşınmasına yol verilmir;
- Yetkinlik yaşına çatmış sərnişinin müşayiəti ilə ayrıca yer tutmadan gediş sənədi rəsmiləşdirməklə 5 yaşınadək bir uşaq pulsuz aparıla bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.