Abşeron rayonunun Xırdalan şəhərində 22 yaşlı qadının binadan atıldığı iddia olunur.
Xezerxeber.az-ın məlumatına görə, dəhşətli hadisə Gənclər şəhərciyində baş verib.
Rayon prokurorluğuna səhər saat 7 radələrində 22 yaşlı Ayşən Kazımovanın Abşeron rayonu, Xırdalan şəhəri ərazisində çoxmərtəbəli binadan yıxılması barədə məlumat daxil olub.
Araşdırma zamanı 22 yaşlı Hüseyn Kazımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ayşən Kazımovanı yaşadıqları mənzilin pəncərəsindən yerə atması nəticəsində çoxsaylı bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib.
Qonşuların verdiyi məlumata görə, hadisə zamanı qadının ölmədiyini görən ər onun baş nahiyəsinə bir neçə dəfə ağır zərbələr vurub.
Abşeron Rayon Mərkəzi Xəstəxanasından “Xəzər Xəbər”ə bildirilib ki, saat 07:05-də 2002-ci il təvəllüdlü şəxs ağır vəziyyətdə Təcili yardım şöbəsinin "qırmızı zonasına" yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanıb. Hüseyn Kazımov iş üzrə şübhəli şəxs qismində tutulub.
Araşdırmalar davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.