Xəzər Xəbər

Məhkəmə Xocalı qatilinə nə qədər iş kəsdi? VİDEO

Veb TV | 23:00 • 12 İyul 2024
Məhkəmə Xocalı qatilinə nə qədər iş kəsdi?

Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməkdə və terrorçuluqda təqsirləndirilən Raşid Beqlaryanın məhkəməsi yekunlaşıb.

Bu gün Sabunçu Rayon Məhkəməsində Füzuli Hərbi Məhkəməsinin hakimi Əli Süleymanovun sədrliyi ilə növbəti məhkəmə iclası keçirilib.

Qanunun tələbinə uyğun olaraq, Beqlaryan məhkəmədə dövlət hesabına vəkil və tərcüməçi ilə təmin edilib. Məhkəmədə olanlar və iş materiallarında qeyd edilənlər tək-tək ona izah olunub.

İstintaq zamanı məxfi məlumatlar əsasında Beqlaryanın hesabına Fransadan 2 milyon avroya yaxın pul köçürüldüyü ortaya çıxıb. Özünün dediyinə görə, tutulanadək Fransada yaşayan bəzi şəxslər həmin pulu ona kömək məqsədilə ianə ediblər.

Bugünkü iclasda iş üzrə sonuncu sənədlər tədqiq edilib, məhkəmə istintaqı tamamlanıb. Prosesin davamında prokuror ittiham nitqi ilə çıxış edib. Dövlət ittihamçısı Fuad Kazımov Raşid Beqlaryanın müharibə ilə bağlı olan və digər cinayətlərin törədilməsində təqsirli bilinərək 17 il azadlıqdan məhrum edilməsini tələb edib.

Zərərçəkmişlər təqsirləndirilən şəxsə qanunun icazə verdiyi ən ağır cəzanın təyin olunmasını xahiş ediblər. ''Əsgər yoldaşımın başını kəsib, mənə qanını içirdiblər. Necə razılaşa bilərəm 17 illə. Ona ən ağır cəza verilməlidir'',- deyə  zərərçəkmişlərdən biri əlavə edib.

Raşid Beqlaryan özü də son sözündə ona yüngül cəza təyin olunmasını xahiş edib. Əlavə edib ki, müharibədə iştirak etməsindən peşmandır. Əli Süleymanovun sədrlik etdiyi məhkəmə heyəti müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Raşid Beqlaryan müharibə cinayətlərinin törədilməsində təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilib. O, cəzasının 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar