Xəzər Xəbər

Bakıda evin sökülməsi ilə bağlı MTK-nın vəzifəli şəxslərinə cinayət işi açılıb VİDEO

Veb TV | 20:58 • 4 İyul 2024
Bakıda evin sökülməsi ilə bağlı MTK-nın vəzifəli şəxslərinə cinayət işi açılıb

Bakıda evindən zorla çıxarılan Afət Quliyeva günlərdir ki, çadırda yaşayır.

Xezerxeber.az-ın məlumatına görə, sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olan söküntü işini həyata keçirən "İbrahim-Q" MTK-nın vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb.

"İbrahim-Q" MTK-nın vəkili Yavər Yavərzadənin sözlərinə görə, vəziyyətin bu həddə çatmasına səbəb vətəndaşın şirkətlə razılığa gəlməməsi olub. Buna baxmayaraq, şirkət söküntü işlərini məcburi şəkildə həyata keçirib.

Yavər Yavərzadə bildirib ki, Afət Quliyevaya təklif olunan məbləğ ona məxsus olan evin dəyirdən qat-qat yüksəkdir. Bundan başqa, ona yeni tikiləcək binadan mənzil də təklif olunub. Lakin o, razılaşmayaraq əvəzində 350 min manat tələb edib.

Qeyd edək ki, "İbrahim-Q" MTK-nın vəzifəli şəxsləri tərəfindən paytaxtın Yasamal rayonu ərazisində xüsusi mülkiyyətdə olan mənzilin qanunsuz sökülməsi barədə daxil olmuş məlumat üzrə rayon prokurorluğunda araşdırma aparılıb. Yasamal Rayon Prokurorluğundan bildirilib ki, araşdırmalarla qeyd olunan kooperativin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək iyunun 30-da Afət Quliyevaya məxsus evin razılığı olmadan ümumi təhlükəli üsulla tamamilə sökülməsi nəticəsində ona külli miqdarda maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla ümumi təhlükəli üsulla əmlakı qəsdən məhv etmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti