Xəzər Xəbər

Hacıqabulda 2 kənd sel sularının altında qaldı VİDEO

Veb TV | 22:30 • 29 İyun 2024
Hacıqabulda 2 kənd sel sularının altında qaldı

Bir neçə gündür yağan aramsız yağışlar bölgəlrdə fəsadlara səbəb olub.

Xezerxeber.az xəbər verir ki, Hacıqabulun 2 kəndi ilə nəqliyyat əlaqəsi kəsilib, təsərrüfatlara xeyli ziyan dəyib.

Yaranmış vəziyyətlə əlaqədar olaraq yerli qurumlar tərəfindən hadisə yerinə texnika və canlı qüvvə cəlb olunub.

Su anbarının ümumi həcmi 17 milyon kubmetr olsa da, hazırda dibinin lildən təmizlənməməsi səbəbindən su tutumu həcmi 2 milyon kub metrə qədər azalıb. Bu səbəbdən də böyük axını özündə saxlaya bilməyən anbarda suyun səviyyəsi maksimal həddə çatıb. Nəticədə də Pirsaat su anbarının ətrafında yerləşən Quablı-Baloğlan və Rəncbər kəndləri sel suları altında qalıb.

Bundan əlavə sel həmin kəndlərdə su kanallarının məcrasından çıxmasına səbəb olub. Sakinlərin sözlərinə görə, kanalların vaxtında genişləndirilməməsi və dərinləşdirmə işlərinin aparılmaması da suyun məcradan çıxmasına səbəb olan hallardan biridir. 

Rəncbər kəndinin girişində yerləşən körpü dağıldığından hər iki kəndlə əsas nəqliyyat əlaqəsi olan yol bağlanıb. Qubalı-Baloğlan kəndində 50-dən çox evi su basıb. Bəzi təsərrüfatlarda ev heyvanları və quşlar tələf olub. Təkcə kənd sakini Mirbəşir Əsgərova məxsus təsərrüfatda 8 min cücə ölüb.

Texnika və canlı qüvvə gün ərzində təbii fəlakətin aradan qaldırılması istiqamətində tədbirlər görüblər.

Son günlər yağan güclü yağışlar Şəkidə də fəsadlara yol açıb. Kiş çayının Qudula kəndindən keçən hissəsində sel suları sakinlərin  pay torpaqlarını basıb. Şəki-Qudula yolunun kənddən keçən hissəsi tamamilə yararsız vəziyyətə düşüb. Bir neçə kəndi rayon mərkəziylə birləşdirən, əkin sahələrinə getmək üçün mühüm əhəmiyyətə malik yoldan yalnız iri nəqliyyat vasitələri keçə bilirlər. Yolun 300-400 metri yarasız vəziyyətə düşməklə yanaşı, 100 metrə qədər olan hissəsi tamamilə keçilməz haldadır.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti