Çimərliklərdə dəniz suyunun monitorinqi aparılıb. İnsan sağlamlığı üçün təhlükəli olan ərazilər müəyyən edilib.
Xezerxeber.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə Bakı və Sumqayıt şəhərləri, Lənkəran, Xaçmaz, Astara rayonları ərazisində yerləşən çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin laborator tədqiqatının aparılması məqsədilə monitorinqlər keçirilib.
Bəzi ərazilərdə dəniz suyunun tullantı çirkab suları ilə intensiv çirklənmə hallarının davam etdiyi və çimərliklərdə bakterioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi müəyyən edilib.
Qeyd edək ki, Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Görədil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəriciləri norma səviyyəsində olduğu aşkarlanıb.
Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Sumqayıt şəhəri, şimal bölgəsinin (Yalama, Nabran, İstisu, Seyidli kəndi), cənub bölgəsinin Lənkəran və Astara çimərliklərindən istifadənin müvəqqəti olaraq tövsiyə olunmadığı barədə qərar qəbul edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.