Xəbər verdiyimiz kimi, Qarabağ kanalının bəndi uçub, taxıl və otlaq sahələri su altında qalıb. Hadisə səhər saatlarında kanalın Yevlax rayonunun Kolanı kəndindən keçən hissəsində qeydə alınıb.
Xezerxeber.az-ın xəbərinə görə, sakinlər bildirib ki, kanalada sızmalar tez-tez olur. Bu gün səhər saatlarında isə bəndin uçması nəticəsində bir neçə sakinə məxsus taxıl sahələri su altında qalıb. Taxıl biçininə hazırlaşdıqları vaxtda belə bir hadisə onlara xeyli ziyan vurub. Kəndlilərin mal-qara otardıqları otlaq sahələri də kanlın suyuna təslim olub.
Uçan bəndin bərpası üçün adiyyəti qurumlar dərhal işlərə başlayıb. Əraziyə ağır texnikalar cəlb edilib. Yük maşınları ilə iri beton parçaları, kanalın uçan hissəsinə daşınaraq kanalın suyunun ətraf əraziyə yayılmasının qarşısını almağa çalışıblar.
Qarabağ kanalı İstismarı İdarəsinin rəisi Şakir İmanov bildirib ki, baş verən hadisə ciddi təhlükə yaratmır. Hər hansı tələfat qeydə alınmayıb. Uçan hissə tam bərpa ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.