Xəzər Xəbər

Gəmi zavodunun 5 əməkdaşı qazdan zəhərlənərək ölüb VİDEO

Veb TV | 20:55 • 3 İyun 2024
Gəmi zavodunun 5 əməkdaşı qazdan zəhərlənərək ölüb

Bu gün saat 17:00 radələrində "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun 5 əməkdaşı qazdan zəhərlənib.

Xezerxeber.az-ın məlumatına görə, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, üzən tərsanədə işləyən 4 işçidən səs gəlmədiyini görən növbədə duran Yolçuyev Namik Əli oğlu həmkarlarının arxasınca tərsanənin ballastının nasos bölməsinə daxil olub, lakin o da qazdan zəhərlənib.

Əraziyə FHN-nin xüsusi briqadası cəlb olunub. Hadisənin baş verdiyi yerdən 5 nəfərin - Səfərəliyev Tural Şabəddin oğlu, Şahbazov Orxan Zaur oğlu, Yolçuyev Namik Əli oğlu, Ağayev Teyyub Eyyub oğlu, Məmmədov Samid Abdulvahab oğlunun meyiti çıxarılıb.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətindən o da bildirilib ki, hadisənin baş vermə səbəbləri haqqında araşdırmalardan sonra daha ətraflı məlumat veriləcək. 

TƏBİB-dən isə bildirilib ki, hadisə yerinə dərhal 9 təcili tibbi yardım briqadası yönləndirilib. Beş nəfərin həkiməqədər ölümü qeydə alınıb. Zərərçəkən iki nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar