Xəzər Xəbər

Bakıdakı 25 saylı məktəbdə rus sektoru bağlanır? VİDEO

Veb TV | 20:39 • 3 İyun 2024
Bakıdakı 25 saylı məktəbdə rus sektoru bağlanır?

Bakıda 2 təhsil müəssisəsinin birləşdiriləcəyi və tədrisi digər dildə aparılan bölmənin ləğv ediləcəyi ilə bağlı iddialar yayılıb.

Xezerxeber.az-ın məlumatına görə, bu xəbər övladları sözügedən məktəblərdə təhsil alan valideynlərin narahatlığına səbəb olub.

"Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən valideynlər deyiblər ki, 25 nömrəli tam orta məktəbin direktoru vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası Humanitar fənlər təmayüllü məktəb-liseyin direktoruna həvalə edilib. Valideynlərin sözlərinə görə, məktəbdə tədrisi digər dildə aparılan bölmənin ləğv ediləcəyi iddia edilir.

Valideynlər iddia edirlər ki, bu səhər məktəbin bəzi şagirdləri siniflərə buraxılmayıb.  

Onlar məktəb rəhbərliyindən məsələyə aydınlıq gətirməsini istəyiblər.

İddialara aydınlıq gətirmək üçün məktəb rəhbərliyinin mövqeyini öyrənməyə çalışdıq. Amma suallarımız cavabsız qaldı.

Kameramızı görən müəllimlər isə məktəbin yeni mühafizəçilərindən narazılıqlarını bildirdilər.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, aidiyyəti qurum - Bakı Şəhəri üzrə Təhsil İdarəsi artıq iddialara aydınlıq gətirib. İdarənin məlumatına görə, 25 nömrəli tam orta məktəbin direktoru vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası Humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru Nəzakət Əsgərovaya həvalə edilib. Hazırda məktəbdə dərs prosesi normal şəkildə davam edir. İdarədən o da qeyd edilib ki, 25 nömrəli tam orta məktəbdə tədrisin təşkilində hər hansı dəyişiklik nəzərdə tutulmur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti