2026-cı ilin sentyabrında Şuşa Real Məktəbində tədrisə başlanılması planlaşdırılır. Burada əsasən incəsənət və mədəniyyət ixtisaslarının tədris edilməsi nəzərdə tutulub.
Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
İyunun 1-də Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclasından sonra açıqlama verən nazir bildirib ki, Şuşa Real Məktəbi həcm etibarilə Şuşanın ən böyük tarixi abidəsidir. O əlavə edib ki, bura orta məktəb olmayacaq.
Nazir Bakı Dövlət Universitetində SABAH qrupları üzrə Hüquqşünaslıq ixtisasının ləğv olunmasına da münasibət bildirib.
"Qarabağ Universitetində SABAH qrupları üzrə Hüquqşünaslıq ixtisasının tədris olunmasına gəlincə, burada tələbələrə daha çox sosial güzəştlər verə bilirik. Bu səbəbdən SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının Qarabağ Universitetində olması ilə əlçatanlığı təmin edə biləcəyik”, - deyə nazir bildirib.
Nazir əlavə edib ki, SABAH qrupları üzrə Hüquqşünaslıq ixtisasının BDU-da bağlanması həmin ali təhsil müəssisəsində eyniadlı ixtisasın bağlanması demək deyil. Orada hüquqşünaslıq ixtisasına qəbul davam edəcək.
Qeyd edək ki, növbəti tədris ilindən Bakı Dövlət Universitetinin Hüquq fakültəsində SABAH qruplarına qəbul aparılmayacaq.
Hüquq fakültəsinin SABAH qruplarına qəbulun yalnız Qarabağ Universitetində aparılması nəzərdə tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.