Cavanşir körpüsündə bir neçə gündür ki, başlayan söküntü işləri davam edir.
Xezerxeber.az-ın məlumatına görə, ərazidə ağır texnikalar işləyir, eyni vaxtda həm təmizləmə işləri aparılır, həm də söküntü materalları daşınır.
İş icraçıları "Xəzər Xəbər"ə bildirdilər ki, söküntü işləri tərtib olunmuş qrafikə uyğun yerinə yetirilir. Əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Bayram günü olmasına baxmayaraq, işlərə fasilə verilməyib.
Həyata keçirilən kompleks işlər çərçivəsində ərazidə nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə müasir infrastruktur yaradılacaq.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli "Xəzər Xəbər"ə bildirb ki, layihənin icrası 4-5 ay ərzində tamamlanacaq.
Qeyd edək ki, uzunluğu 202, eni 17 metr, 12 aşırımdan ibarət olan Cavanşir körpüsü 1962-ci ildə istismara verilmişdi. Yükgötürmə qabiliyyəti müasir normativ yük təsirinə cavab vermədiyi nəzərə alınaraq, sökülməsi məqsədəuyğun hesab edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.