Kür çayı daşaraq məcrasından 2 kilometr kənara çıxıb.
Xezerxeber.az-ın məlumatına görə, Tovuzun Hunanlar kəndi ərazisində Kürətrafı əkin, taxıl sahələri, ərik bağları və biçənəklər sel sularının altında qalıb.
Kənd sakinləri əsasən kök və çuğundur əkini ilə məşğul olur. Hektarlarla ərazi, tonlarla məhsul yararsız hala düşüb. Subasan ərazilərin 180 hektarı təkcə əkin sahələrinin payına düşür.
Kürətrafı meşəliklər də sel sularına qərq olub. Kürdə suyun səviyyəsi orta hesabla 2 metrə qədər yüksəlib. Hazırda suyun səviyyəsi artmaqda davam edir. Əhaliyə dəyən maddi ziyanla bağlı Tovuz Rayon İcra Hakimiyyətinin nəzdindəki Fövqəladə hallar komissiyası tərəfindən baxış keçirilib. Bildirilib ki, təbii fəlakətlə bağlı əhaliyə xəbərdarlıq edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.