Günəş enerjisi üzrə texnik, külək turbinlərinin təmiri üçün mütəxəssis və elektrik və hibrid avtomobillərinin təmiri ilə bağlı mütəxəssislər hazırlanacaq.
Xezerxeber.az-ın məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.
O bildirib ki, bu il 3 yeni ixtisas üzrə tələbə qəbulu həyata keçiriləcək. Agentlik direktoru işğaldan azad olunmuş ərazilərdə peşə təhsilindən də danışıb. Onun sözlərinə görə, tələbə qəbulu ilk olaraq 2025-2026-cı tədris ilində Füzuli Peşə Liseyində aparılacaq.
Peşə təhsilində Türkiyə təcrübəsinin öyrənilməsindən danışan Agentlik rəhbəri bu istiqamətdə 2 layihənin icra olduğunu bildirib və növbəti tədris ilində qardaş ölkədən təhsil prosesinə ixtisas fənn müəllimlərinin və ustaların cəlb ediləcəyini açıqlayıb.
O, həmçinin bildirib ki, 2026-cı ilə qədər ölkədə 16 peşə məktəbinin istifadəyə verilməsi planlaşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.