Çoxmərtəbəli binalarda sakinlərdən yığılan "komendant pulu", yaxud "jek pulu"nun məbləği ilə xidmətin keyfiyyəti arasında tərs mütənasibliyin olduğu deyilir.
Xezerxeber.az-ın məlumatına görə, Bakı sakinləri deyirlər ki, mənzildə yaşayıb-yaşamamağından asılı olmayaraq, müəyyən olunan məbləğin ödənilməsi tələb edilir. Lakin çox zaman MTK işçiləri tərərfindən yığılan pullarla göstərilən xidmətlər tərs mütənasiblik təşkil edir. Yəni yığılan pulun məbləği yüksək, xidmətin keyfiyyəti isə aşağıdır.
Bəs binalarda 15-80 manat aralığında yığılan pullar hara xərclənir, yaxud bina sakinlərinin belə bir öhdəliyi varmı?
Əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmov bildirib ki, qanunla bu proses bir qədər fərqlidir. Mütəxəssisin fikrincə, hazırda MTK-lar hüquqi boşluqlardan istifadə edib vətəndaşlardan xeyir güdmək üçün çalışırlar. Onun sözlərinə görə, ödənişlər nağdsız olarsa, bununla da MTK-lara nəzarət asanlaşacaq.
Qeyd edək ki, təkcə Bakı və Abşeron ərazisində 2000-dən artıq yeni tikilmiş çoxmənzilli yaşayış binası vətəndaşların istifadəsinə verilib. Hətta bu binalarda ödənişin nağdsız formada həyata keçirilməsi ilə bağlı xeyli müzakirələr də aparılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.