Ötən 5 ildə dövlət büdcəsinin xərcləri 12 milyard 32 milyon manat və yaxud 50 faizədək artıb. Bu, kifayət qədər əhəmiyyətli bir artımdır.
Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir xatırladıb ki, keçən il müdafiə və milli təhlükəsizlik sahəsinə 7 milyard 246,9 milyon manat vəsait yönəldilib.
O, işğaldan azad olunan ərazilərə ayrılan vəsaitlərə də diqqət çəkib.
Nazir əlavə edib ki, atılan addımlar sayəsində ötən il orta illik inflyasiya birrəqəmli həddə düşüb. Uğurlu inflyasiya tədbirləri cari ildə də davam etməkdədir.
Komitə iclasında çıxış edən Vahid Əhmədov isə daxili borclanma məsələsinə diqqət çəkib.
Xatırladaq ki, xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi nəticəsində bu il aprelin 1-nə daxili dövlət borcu 16 milyard 415,8 milyon manat təşkil edib. Ötən il daxili borclanma ilə bağlı limit 1,8 milyard manat müəyyən edilib və bunun 1,7 milyard manatı istifadə olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.