Zəngilanda yenidən qurulan məscid ibadət üçün açıqdır.
Xezerxeber.az-ın məlumatına görə, yeni istifadəyə verilən Zəngilan məscidi memarlıq üslubu ilə göz oxşayır.
Məscidin yeni görüntüsü bura səfər edən zəngilanlıları da qürurlandırır.
Təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulmuş məscidin tikintisini Heydər Əliyev Fondu həyata keçirib.
Yeni məscid binası düzbucaqlı plan quruluşlu, iki minarəli, üç nefli layihələndirilib. Minarələri və günbəzi kaşı kərpicdən yığılıb. İnteryerdə nəqqaşlıq işləri aparılıb, mehrab kaşıdan yığılmış nəbati naxışlarla işlənib. Minbər və şəbəkə elementləri isə təbii ağacdan hazırlanıb. Dağıdılmış tarixi Zəngilan məscidinin ərazisində isə açıq səma altında sərgi yaradılıb.
Sərgi Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud olmuş bir sıra dini abidələrimizə qarşı törədilmiş vandalizmin ümumi mənzərəsini əks etdirir. Burada İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv edilməsinə dair faktlar yer alıb.
İşğaldan azad olunmuş ərazilərdə qısa zamanda dini abidələrin bərpası Azərbaycanın bu məsələdə nə qədər həssas olduğunu göstərir. Bu ibadət ocağı isə Zəngilan sakinlərinin ən çox gəldiyi məkanlardan biri olacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.