Goranboyda 15 yaşlı yeniyetmənin əlilliyə görə aldığı müavinət 4 aydır ki, kəsilib.
Xezerxeber.az-ın məlumatına görə, rayonun Düzqışlaq kəndində yaşayan 15 yaşlı Nuray Məmmədovanın anası Göyçək Verdiyeva iddia edir ki, qızı 2011-ci ildən 2024-cü ilin yanvar ayına qədər əlilliyə görə müavinət alıb.
Göyçək Verdiyeva bildirir ki, övladı 2 yaşında mədə-bağırsağından əməliyyat edilib. Hazırda qida borusunda kimyəvi yanıq, bundan başqa 6 düyünlü zob, kista, eroziyalar var. Uşaq 6 ay sonra yenidən əməliyyat edilməldir. Lakin yanvar ayından ona təyin edilən 300 manat müavinət dayandırılıb.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov "Xəzər Xəbər"ə bildirdi ki, Nurayın əlillik müddəti bu il yanvarın 1-də başa çatıb. Vətəndaşın əlillik müddətinin uzadılması üçün tibb müəssisəsi tərəfindən e-sistemə daxil edilmiş yeni göndərişlərdə ekspertiza üçün əhəmiyyətli göstəricilər qeyd edilmədiyinə görə onun əlilliyinin qiymətləndirilməsi mümkün olmayıb. Bununla belə, Nuray Məmmədova 3 dəfə Agentlikdə əyani müayinə də olunub. Onun hazırki sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən əlamətlər müşahidə edilməyib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.