Xətai rayonu, Ukrayna dairəsindəki yerüstü piyada keçidi sakinlərdə narahatlıq yaradıb.
Xezerxeber.az-ın məlumatına görə, yağış yağanda bu piyada keçidinin altı üstündən az fərqlənir. Çünki keçidin içərisi də su olur.
Bununla bağlı görüntülər “Xəzər Xəbər”in qaynar xəttinə göndərilib. Döşəməsi dəmirdən olan keçidin tavan hissəsindən elektrik naqilləri keçir. Elə sakinlər də daha çox bundan narahatdırlar. Yağış yağanda damcılar o naqillərin üstündən aşağı axır.
Sakinlər bildirdilər ki, yağış şiddətli olduqda içəri daha çox su damır.
Elə çəkiliş edərkən də, məlum oldu ki, piyada keçidinin içərisində bir neçə gün öncə yağmış yağışın qalıqları var.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin tabeçiliyində olan Xüsusi Təyinatlı Yol İstismar İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, məlumat dəqiqləşdiriləcək və problem aradan qaldırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.