Mingəçevir sakininə 8 yaşında təyin olunmuş əllik dərəcəsinin 43 il sonra dəyişdirildiyi iddia olunur.
Xezerxeber.az-ın məlumatına görə, şikayətçi Nüsrət Cəfərov iddia edir ki, qızı Afət Cəfərovaya 8 yaşında xəstəliyinə uyğun olaraq 1-ci qrup əlillik dərəcəsi təyin edilib. Anası dünyasını dəyişənə qədər övladına baxıb. Buna görə ailə əlavə 100 manat müavinət də alıb. Ancaq Afət Cəfərovanın anası dünyasını dəyişdikdən sonra ona qulluğa görə şəxs təyin edilməsi üçün sənədlərin dəyişdirilməli olduğu bildirilib. Elə problem də bundan sonra başlayıb.
79 yaşlı Nüsrət Cəfərov iddia edir ki, övladının əllik dərəcəsinin 43 il sonra necə dəyişdirilməsindən xəbərsiz olub. Bununla bağlı aidiyyəti qurumlara da müraciət edib.
"Xəzər Xəbər" məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanlayıb. Məsələ aidiyyəti üzrə araşdırıldıqdan sonra həll olunub.
Qeyd olunub ki, Mingəçevir şəhər sakini Cəfərova Afət Nüsrət qızına 2006-cı ildən I dərəcə ömürlük əlillik təyin edilib. Hazırda vətəndaşın əlilliyi qüvvədədir.
"Afət Cəfərovanın əlillik dərəcəsinə uyğun sosial ödənişlərlə təminatı da davam etdirilir", - deyə Agentlikdən bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.