Xəbər verdiyimiz kimi, Bakı Fransız liseyi ləğv olunur.
Məsələ ilə bağlı övladlaırnı götürməyə gələn valideynlər və şagirdlərin sürücüləri də "Xəzər Xəbər"ə danışdılar.
Onların sözlərinə görə, yaxın günlərdə liseydə təhsil alan 200-ə yaxın şagirdin aqibəti ilə bağlı iclas keçiriləcək.
Bakı Fransız Liseyindən isə "Xəzər Xəbər"ə bildirildi ki, ləğvolunma haqqında qərar iyulun 1-dən qüvvəyə minəcək.
Tədris ilinin sonuna qədər liseydə dərslər davam etdiriləcək. Təhsil Kompleksinin ləğv olunması ilə bağlı qərarın qəbulunda əsas səbəblər şagird sayının fəaliyyət planında nəzərdə tutulandan aşağı olması, saxlanma xərcləri ilə bağlı çətinliklər, habelə fəaliyyətin iqtisadi cəhətdən səmərəli olmamasıdır. Belə ki, 320 şagird üçün nəzərdə tutulan məktəb, bu illər ərzində təsisçi tərəfindən təyin edilən hədəfə çatmayıb. 200 nəfərlik baryeri keçə bilməyib və təsisçi öz büdcəsindən hər il liseydəki əlavə xərcləri qarşılamaq məcburiyyətində qalıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi də valideynlərə müraciət edib. Bildirilib ki, valideynlərin müraciətləri olduğu halda, liseydə təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər. Bununla yanaşı, şagirdlər digər özəl məktəblərdə də təhsillərini davam etdirə bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.