Orta məktəblər üçün olan 7 dərslikdə məzmun dəyişikliyi edilib. Sentyabrdan həm Azərbaycan, həm də rus bölməsi üzrə bəzi məktəblilər 7 fənn üzrə tam fərqli kitablar görəcəklər.
Xezerxeber.az-ın məlumatına görə, söhbət 2-ci sinif həyat bilgisi, 5-ci sinif Azərbaycan dili, riyaziyyat, 6-cı sinif coğrafiya, 7-ci sinif fizika, kimya və biologiya dərsliklərindən gedir.
Təhsil İnstitutunun Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqov deyib ki, yeni dərsliklər birbaşa məktəblərə gətirilmir. Məsələn, Azərbaycan dili və riyaziyyat dərslikləri 2 il ölkənin bütün regional təhsil şöbələrinin əhatə elədiyi 150 rayon, şəhər, kənd məktəbində pilot sınaqdan keçirilib. Təbiət fənləri isə 1 il sınaqda olub. İldə 2 dəfə bu məktəblərdə monitorinq aparılır, həmçinin, Elm və Təhsil Nazirlyinin elektron portalında ictimai müzakirəyə qoyulur.
Şöbə müdiri yeni dərsliklərin əvvəlkilərdən fərqini də izah edib.
Əvvəllər məktəblərdə müəllim özü dərs danışır, daha sonra həmin dərs üzrə savadın möhkəmləndirilməsi üçün suallar, məsələlər icra olunurdu, ancaq tətbiq aparılmırdı. Yeni dərsliklər isə bunu da tələb edir.
Rasim Abdurazaqov deyib ki, dərsliklər hər 5 ildən bir təkmilləşdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.