Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq.
Xezerxeber.az-ın məlumatına görə, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
O bildirib ki, qəbulla bağlı bir sıra yeniliklərin tətbiqi nəzərdə tutulub. Valideynlər ölkə üzrə prioritet tətbiq olunan bütün ümumi təhsil müəssisələri, prioritetin tətbiq olunacağı tarix və saat haqqında proses başlamadan öncə məlumat əldə edə biləcəklər. Məktəbdənkənar təhsil müəssisələrinə qəbul da elektronlaşdırılacaq.
Bu il avtomatik olaraq 1-ci sinfə qəbul ediləcək şagirdlərin sayı da açıqlanıb. Azərbaycan bölməsi üzrə 82 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq 1-ci sinfə keçiriləcək. Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi mayın 3-dən sentyabrın 13-dək olacaq.
Eşqi Bağırov onu da bildirlib ki, sertifikatlaşdırmadan keçə bilməyən təxminən 200-ə yaxın müəllim öz ərizəsi ilə işdən ayrılıb. Ötən il uğursuz olan müəllimlər bu il növbəti dəfə sertifikatlaşdırmaya cəlb ediləcək.
Qeyd olunub ki, bu il sertifikatlaşdırma iyun ayında keçiriləcək. İlk dəfə isə Naxçıvan Muxtar Respublikasında da təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək. Həmçinin vurğulanıb ki, bu ilin ötən dövründə uşaq bağçalarında aparılan monitorinq nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxın müdirə töhmət, xəbərdarlıq və şiddətli töhmət verilib. Direktor qeyd edib ki, məktbələrdə də monitorinqlər mütəmadi davam edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.