Son üç ayda Bakıda 384 yol-nəqliyyat hadisəsi baş verib.
Həmin qəzaların əksəriyyəti hərəkətin intensiv olduğu mərkəzi küçə və prospektlərdə qeydə alınıb. Baş vermiş hadisələr zamanı 33 nəfər dünyasını dəyişib.
Xezerxeber.az-ın məlumatına görə, bunu Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Toğrul Nəsirli deyib.
Onun sözlərinə görə, qeydə alınan qəzaların təhlili göstərib ki, hadisələr yüksək sürət, ara məsafəsinə düzgün əməl edilməməsi, yol nişanlarının tələbinin pozulması və sürücü diqqətsizliyindən baş verib. Ən çox hadisələr isə Ziya Bünyadov, Heydər Əliyev, Babək, Tbilisi prospektlərində, Bakı-Sumqayıt, Aeroport, Sabunçu-Zabrat şoselərində, Üzeyir Hacıbəyli, Rəşid Behbudov, Mikayıl Müşfiq, 28 May və digər küçələrində baş verib.
Qeyd edək ki, müşahidə kameralarına düşən həmin qəzalardan sonra yollarda bir çox hallarda sıxlığın, eləcə də digər nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkətinə maneənin yaranması aşkar görünür. Yol polisi bir daha sürücülərə diqqətli olmağı və metroloji şəraitə uyğun hərəkət etməyi tövsiyyə edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.