İpoteka kreditlərinə hər il durmadan maraq artır. Bu il isə müraciət edənlərin sayı rekord həddə çatıb.
Xezerxeber.az-ın məlumatına görə, tələbin qarşılanması üçün dövlət tərəfindən son illər bu sahəyə ayrılan vəsaitlərin həcmində də dinamik artım müşahidə olunur. Son 3 ildə verilən ipoteka kreditlərinin həcmi orta hesabla illik 20% artıb.
İpoteka və Kredit Zəmanət Fondunun İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayevin sözlərinə görə, özəl sektorda əmək müqaviləsi ilə deyil, xidməti müqavilə ilə işləyən şəxslərin müraciəti də artıb.
Rasim Abdullayev onu da bildirib ki, ipoteka kreditləşməsində əlçatanlığın və şəffalığın təmin olunması Fondun prioritet hədəfləri hesab olunur. Rəsmi gəliri ödəniş üçün uyğun olan istənilən vətəndaş yalnız şəxsiyyət vəsiqəsi ilə onlayn qaydada müraciət edə bilər.
Qeyd edək ki, indiyədək ipoteka kreditləri hesabına 49 400-dən çox ailə mənzil sahibi olub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.