Ötən gün Sumqayıtda azyaşlının ölməsi ilə bağlı yeni təfərrüatlar məlum olub.
Xezerxeber.az-ın məlumatına görə, hadisədə uşağın atası təqsirli bilinir.
Martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə Baş Prokurorluq araşdırmalar aparıb.
40 yaşlı Yeşil Ahmet Turanın Sumqayıt şəhəri, Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Yaxınları bildirir ki, Türkiyə vətəndaşı olan Ahmet ailə qurandan sonra Azərbaycana gələrək qayınatasıgil ilə birgə yaşayırmış. O, Sumqayıt şəhərində fərdi obyektdə işləyirmiş. Məlumata görə, o, 3 il əvvəl ailə qurub və indiyə qədər problemləri olmayıb. Son 3 gündə isə həyat yoldaşı ilə arasında yüngül mübahisə olub.
Hadisənin hansı səbəbdən baş verdiyini yaxınları da bilmir.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.