Xəzər Xəbər

31 MART - Azərbaycanlıların soyqırımı günü VİDEO

Veb TV | 22:00 • 31 Mart 2024
31 MART - Azərbaycanlıların soyqırımı günü

1918-ci il martın 30-u gecə Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın dinc insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşaqların öldürülməsi ilə nəticələnib.

Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə ediblər.

Qırğınlar zamanı Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan "İsmailiyyə" binasını yandırıblar. Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxının 53 kəndində aralarında minlərlə qadın və uşaq olan 8 min 27 azərbaycanlını qətlə yetiriblər.

Qubanın 162 kəndində isə öldürülən dinc sakinlərin sayı 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər.

Mart soyqırımı radikal ermənilərin azərbaycanlılara qarşı irqi-ayrı seçkilik, etnik təmizləmə siyasətinin ən iyrənc təzahürlərindən biri kimi tarixdə qalib. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının qurduğu Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib.

Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyev 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunmasına dair fərman imzalayıb.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti