İsmayıllı-Lahıc avtomobil yolunda, Girdiman çayı üzərində olan körpünün torpaq qatına birləşən nöqtəsində çökmələr baş verib. Nəticədə ikizolaqlı yolun bir zolağının çiyin və torpaq yatağı, həmçinin asfalt qatı sürüşməyə məruz qalıb.
Xezerxeber.az xəbər verir ki, bu səbəbdən avtomobillərin gediş gəlişində müəyyən çətinliklər yaranıb. Hazırda yolun hərəkət hissəsinin bir zolağı ilə minik avtomobilləri keçid etsələr də, yük və digər ağır texnikaların körpüdən hərəkəti məhdudlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yolda sürüşməyə səbəb son günlər yağan yağışlardan sonra çaylarda suyun artması və gələn sel sularının yolun bir hissəsini yuması olub. Artıq yaranmış problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
Qeyd edək ki, sözügedən körpünün uzunluğu 42, eni isə 7 metrdir.