Qəbirlərin ətrafının hasarlanması son vaxtlar mənfi bir tendensiya halını alıb.
Xezerxeber.az-ın məlumatına görə, əraziyə daxil olduqda sanki qəbiristanlığa yox, kiminsə qapısına qonaq gəlirsənmiş kimi təsir bağışlayır.
Məsələnin başqa tərəfi də var: bir mişar daşının uzunluğu 40, eni 20 santimetrdir. 13 daşlıq yer 1 kvadrat metr ərazi edir. Əgər qəbiristanlıqda 5 min mişar daşlıq yer zəbt olunursa, bu, 2 kilometr və ya 385 kvadrat metr sahə deməkdir. Bu sahəyə yüzlərlə qəbir yeri sığdırmaq mümkündür. Yəni çəkilən hasarlar ölüsünü dəfn etmək istəyən neçə-neçə insanın haqqını mənimsəmək deməkdir.
Ölkə ərazisində bir çox qəbiristanlıqda bu mənzərəni görmək mümkündür. Apardığımız sorğu zamanı insanların əksəri də buna ehtiyac olmadığını dedilər.
Ümumbəşəri dəyərləri özündə ehtiva edən İslam dinində də bu doğru hal hesab edilmir.
Vəfat edən insana ən böyük hörmət və ehtiram onun üçün böyük, hasara alınmış ərazidə dəfn edilməsi deyil, adına ehsan vermək, qəbiristanlığa yol və su çəkməkdir. Həmçinin onların məzarlarının ətrafını hasara almaqdansa, ağac və çiçəklər əkmək daha məqbul hesab edilir. Bundan başqa, vəfat edən şəxsin yaxınları bir çox sosial əməlləri də həyata keçirərək onun ruhuna hədiyə edə bilərlər.
Çəkiliş apardığımız qəbiristanlıqdakı bəzi qəbirlərin hasara alınması ilə bağlı Əhaliyə Vətəndaşlıq Tresti ilə əlaqə saxlamağa çalışsaq da, bayram tətili olduğu üçün bu mümkün olmadı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.