Dəyəri ''Qara bazar''da 5 milyon manat olan 151 kiloqram narkotik vasitə aşkar edilib.
Xezerxeber.az xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi fevral ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 40-dan artıq əməliyyat keçirib. Nəticədə 52 nəfər və 3 mütəşəkkil dəstənin üzvü saxlanıb.
Onlardan 10-u ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan şəxslərdir. Əməliyyatlarla "qara bazar"da dəyəri 5 milyon manat olan 151 kiloqram müxtəlif növ narkotik vasitə və 4751 ədəd psixotrop tərkibli həb ələ keçirilib. İlkin dindirilmə zamanı saxlanılan şəxslərin əksəriyyətinin qeyri-qanuni yollarla İrandan ölkəmizə gətirdikləri narkotikləri əsasən paytaxt ərazisində satmaq üçün əldə etdikləri müəyyən olunub.
Keçirilən əməliyyat zamanı dəstə üzvləri müqavimət göstərərək qaçmağa çalışsalar da, onların bu cəhdinin qarşısı alınıb. Faktlarla bağlı cinayət işləri başlanıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Dövlət Sərhəd Xidmətinin əməkdaşları da narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alıblar. "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Keçirilmiş axtarış və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 11 kiloqram 250 qram marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.