Xəzər Xəbər

Məktəbdə barmağı qopan 8-ci sinif şagirdinin başına gələnlərlərlə bağlı TƏFƏRRÜATLAR VİDEO

Veb TV | 21:21 • 5 Mart 2024
Məktəbdə barmağı qopan 8-ci sinif şagirdinin başına gələnlərlərlə bağlı TƏFƏRRÜATLAR

Tənəffüs zamanı dərsdən qaçmaq istədi, barmağı qapının arasında qalaraq qopub.

Xezerxeber.az xəbər verir ki, iddiaya görə, bədbəxt hadisə məktəb qapıçısının qapını bərk çırpması nəticəsində baş verib.

Məktəbin qapısından içəri buraxılmasaq da, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirildi ki, fevralın 15-də 52 nömrəli tam orta məktəbin VIII sinif şagirdi tənəffüs zamanı təhsil müəssisəsini icazəsiz tərk etmək istəyərkən barmağı çıxış qapısının arasında qalaraq ciddi xəsarət alıb. Dərhal məktəb rəhbərliyi tərəfindən şagird xəstəxanaya aparılıb.  Məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Şagirdin müalicəsi hazırda evdə davam etdirilir.

Məktəblinin anası Sevinc Ağamoğlanova hadisə barədə "Xəzər Xəbər" ə ətraflı məlumat verib.

O, deyir ki, hadisə övladının sinif yoldaşları ilə birgə dərsdən qaçmaq istədiyi vaxt baş verib.

Şagird dərhal xəstəxanaya aparılıb.

Valideynin sözlərinə görə, Respublika Klinik Xəstəxanasının mütəxəssisləri valideynə xəstəxanada əməliyyat üçün alətlər olmadığını bildiriblər. 6-7 saatlıq  axtarışdan sonra 14 yaşlı Tunar özəl klinikada əməliyyat olunub. Məktəblinin valideynləri əməliyat üçün klinikaya 12 min 500 manat pul da ödəyiblər. Onların iddialarına görə, əməliyyat uğursuz olub.

Travmatoloq- cərrah Cavid Xəlilov və Əliş Təhməzli ilə telefon əlaqəsi saxladıq. Bildirildi ki, əməliyyat uğurla icra edilib, damarlar və sinir bərpa olunub. 5 gündən sonra isə çətin  dönəm başlayıb. Ailə özü həkimə müraciət edib ki, uşağın psixoloji durumu ağırlaşır, barmaq kəsilsin. Həkimlər deyir ki, uşaq hadisədən dərhal sonra əməliyyata götürülsəydi, nəticə daha uğurlu ola bilərdi. Kəsilmiş barmaqda hüceyrələr öldüyündən onlar əməliyyatın uğurlu gedəcəyinə əvvəlcədən zəmanət vermədiklərini ailəyə deyiblər.

Hazırda bir barmağı amputasiya olunmuş məktəblinin müalicəsi evdə davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti