Xəzər Xəbər

Bakıdakı 301 nömrəli məktəbin şagirdləri çətinliklə üzləşiblər VİDEO

Veb TV | 20:39 • 4 Mart 2024
Bakıdakı 301 nömrəli məktəbin şagirdləri çətinliklə üzləşiblər

Paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli məktəbin 1-ci korpusunda təhsil alan 400-dən çox ibtidai sinif şagirdi 300 nömrəli məktəbə köçürülüb.

Xezerxeber.az-ın məlumatına görə, valideynlər bildirirlər ki, 3 ay əvvəl zəlzələdən sonra atılan bu addım məktəblilər üçün bir sıra çətinliklər yaradıb.

Çünki onlar yolda çox vaxt itirirlər.

Valideynlərin sözlərinə görə, bina həqiqətən qəzalı vəziyyətdə idi. Onların əsas narahatlığı məktəbin taleyinin necə olacağı ilə bağlıdır.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik. İdarədən "Xəzər Xəbər"ə bildirildi ki, ötən il dekabrın 7-də baş vermiş zəlzələ nəticəsində 301 nömrəli tam orta məktəbin 1939-cu ildə inşa edilmiş birmərtəbəli korpusunda qəzalı vəziyyət yaranıb.

İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri binaya baxış keçiriblər və mühəndis-müayinə işləri aparılaraq müvafiq rəy təqdim edilib. Rəyə əsasən məktəb binasının yükdaşıyan divarlarında geniş ölçülü çatların yarandığı, divarların birləşmə yerlərində aralanmaların əmələ gəldiyi, qapı və pəncərəüstü hissələrin yerini dəyişdiyi müəyyən edilib. Bu səbəbdən də məktəblilərin və pedaqoji heyətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin korpusda təhsil alan şagirdlərin yaxınlıqdakı 300 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirməsi təmin olunub. Ərazinin satılması ilə bağlı yayılan şayiələr isə həqiqəti əks etdirmir. Hazırda məsələnin həlli istiqamətində müvafiq tədbirlər görülür. 

Qeyd edək ki, 301 nömrəli tam orta məktəbin 2006-cı ildə inşa olunmuş digər üçmərtəbəli korpusunda isə tədris davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar