Xəzər Xəbər

Hərbçilərə ödənilən pulun və veteranların təqaüdünün artırılması təklif edilir VİDEO

Veb TV | 19:34 • 29 Fevral 2024
Hərbçilərə ödənilən pulun və veteranların təqaüdünün artırılması təklif edilir

Hərbçilərə rütbələrə və müvəqqəti mənzil kirayəsinə görə ödənilən pul məbləğinin artırılması təklif edilir.

Xezerxeber.az-ın məlumatına görə, bu, Ombudsmanın "2023-cü il üzrə məruzəsi"ndə yer alıb.

Ombudsman hərbi qulluqçulara ödənilən təminat xərcliyinin, o cümlədən vəzifə maaşının, habelə hərbi rütbəyə və ərzaq təminatına görə ödənilən məbləğin artırılması da məqsədəmüvafiq hesab edir.

Məruzədə təkliflər sırasında müharibə veteranlarına verilən təqaüdün məbləğinin artırılması da var. Eyni zamanda, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına bir dəfə verilən qısamüddətli məzuniyyətin artırılması da təklif edilib. Bildirilib ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına bir dəfə verilən qısamüddətli - 10 günlük məzuniyyətin hər birinin müddətinin 10 gün olmaqla 2 dəfə verilməsi təmin edilsin.

Məruzədə "Alternativ xidmət haqqında" qanunun hazırlanması da təklif olunub. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.

“Bütün bunları nəzərə alaraq Ombudsman qanunun hazırlanmasını və qəbul olunmasını uyğun hesab edir” - deyə hesabatda bildirilib.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı onlara  daxil olan müraciətlərdən də danışıb.

Məruzəni təqdim edən Milli Məclisin komitə sədri Zahid Oruc isə bildirib ki, məruzədə yer alan sənədsiz evlərin qeydiyyata alınması problemi həll edilməlidir. Məhkəmə qərarlarının icrasındakı problemlərdən danışan komitə sədri 1 milyon 200 min məhkəmə qərarının  icrasını gözlədiyini deyib.

Həmçinin dövlət ali və orta ixtisas təhsili müəssisələrində dövlət sifarişli yerlərin sayının artırılmasını və tələbə yataqxanalarının tikilməsi təklif edilir. Bundan başqa,  təhlükə törətməyən və az ağır cinayət törətmiş 18-24 yaşarası məhkumlar üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması təkliflər sırasındadır. Dövlət büdcəsi hesabına verilən dərmanların real ehtiyaclara uyğun genişləndirilməsi tövsiyə olunur.

Deputat Naqif Həmzəyev isə ipoteka şərtlərinə dəyişiklik edilməsini təklif edib: Bildirib ki, universitetdə çalışan elmi dərəcə ala bilməyən müəllimlərə ipoteka düşmür. Məktəb müəllimləri ipoteka alır, amma baş müəllim, elmi dərəcə ala bilməyən müəllimlər bu hüquqdan yararlana bilmirlər. İpoteka kreditlərinin verilməsində şərtlər daha da yumşaldılmalıdır. Universitetdə 15 il çalışan, elmi dərəcəsi olmayan müəllimlərə də ipoteka verilməlidir deyə millət vəkili vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar