Dünən səhər saatlarında Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azan əsgər Ruslan Pənahova Ermənistan tərəfindən əsassız cinayət işi açılıb.
Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı Ermənistan mətbuatı xəbər yayıb.
Ermənistan İstintaq Komitəsi Ruslan Pənahova qarşı cinayət məcəlləsinin 5 maddəsi üzrə iş başladıb.
Əsgərimiz guya təxribata cəhd, milli, dini dözümsüzlük, qanunsuz odlu silah və döyüş sursatı gəzdirmə, başqalarının həyatı üçün təhlükəli üsulla adam öldürməyə cəhd, həmçinin qanunsuz yolla Ermənistan dövlət sərhədini pozmaqda ittiham olunur.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Ruslan Pənahov artıq həbs edilib. Hazırda araşdırma davam edir.
Mövzu ilə bağlı danışan hərbi ekspert Azər Bayramov deyir ki, bu, bir daha Ermənistanın xislətini göstərir. Çünkü Ruslan Pənahov çağırışçı əsgərdir. O, hansısa diversiya fəaliyəti ilə məşğul olmayıb, sırf yolu səhv saldığı üçün azıb. Ekspertin sözlərinə görə, əsgərimizə açılan cinayət işi qanunsuzdur və Ermənistan bununla beynəlxalq qaydalara məhəl qoymadığını bir daha göstərmiş oldu.
Ekspert deyib ki, əslində, Ermənistan bu fürsəti çoxdan gözləyirmiş. Çünkü həmin məlumat yayıldıqdan dərhal sonra qarşı tərəfin dezinformasiya maşını işə düşdü. Əsgər Ruslan Pənahov barədə həqiqəti əks etdirməyən materiallar tirajlandı.
Bununla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsindən bildirildi ki, məsələdən məlumatlıdırlar və aidiyyəti qurumlarla ikitərəfli konfidensial dialoq aparılır. Mandatına uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi saxlanılan şəxslərə rəftar və saxlanma şəraitini monitorinq etmək və ailələri ilə əlaqə saxlamalarına dəstək olmaq üçün onlara baş çəkir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.