“Rusiyanın strateji nüvə qüvvələri istifadəyə tam hazır vəziyyətdədir”.
Xezerxeber.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə illik müraciəti zamanı deyib.
Rusiya lideri qeyd edib ki, silahlanma sahəsində planlaşdırılan məsələlərin demək olar ki, hamısı həllini tapıb: “2018-ci ildə səsləndirdiyim müraciət zamanı bəhs etdiyim silahlanma sahəsində planlaşdırdıqlarımızın hamısı yerinə yetirilib və ya bir hissəsi tamamlanmaq üzrədir. Beləliklə, hipersəs aviasiya kompleksi “Kinjal” nəinki istifadəyə verilib, həm də havadan zərbə endirilən zaman xüsusilə vacib hədəfləri məhv etmək üçün yüksək səmərəliliklə istifadə olunur.
2018-ci ildə ünvanlanan müraciətimdə yer almayan “Zirkon” hipersəs zərbə kompleksi artıq döyüşlərdə də istifadə olunub və bu sistem artıq işləyir”.
Putin bir sıra digər silahların da Silahlı Qüvvələrin arsenalına daxil edildiyini diqqətə çatdırıb: “Qitələrarası diapazonlu “Avanqard” hipersəs bölmələri və “Peresvet” lazer sistemləri döyüş növbətçiliyindədir. “Burevestnik” qeyri-məhdud mənzilli qanadlı raketin və “Poseydon” pilotsuz sualtı aparatının sınaqları tamamlanır".
Putin onu da qeyd edib ki, “Sarmat” ağır çəkili ballistik raketləri də orduya təhvil verilib.
“Tezliklə biz onları hərbi əməliyyat zonalarında nümayiş etdirəcəyik. Bir sıra digər perspektivli silah sistemləri üzərində işlər davam edir. Alimlərimizin və silah ustalarımızın yeni nailiyyətləri haqqında gələcəkdə də xəbər tutacağıq”, - Vladimir Putin əlavə edib.
Rusiya Prezidenti həmçninin Ukraynaya qoşun göndərməyi düşünən Qərb dövlətlərinə xəbərdarlıq edib.
“Onlar (Qərb) başa düşməlidirlər ki, bizim də onların ərazilərində hədəflərə zərbə vura biləcək silahlarımız var", - Rusiya dövlət başçısı bildirib.
Putin deyib ki, ruslar Qərbdən gələn "rusofobiya"nın qurbanıdır. O, ruslara qarşı belə yanaşmanı "ağılsızlıq" adlandırıb.
"Suveren, güclü Rusiya olmadan sabit dünya nizamı ola bilməz", - Putin əlavə edib.
“Rusiyaya müdaxilə etmək istəyənlərin üzləşəcəyi nəticələr keçmiş dövrlərlə müqayisədə daha faciəli olacaq. Ölkəmizə yeni müdaxilə cəhdləri nüvə silahının tətbiqi ilə genişmiqyaslı münaqişə təhlükəsi yaradır”, - o, xəbərdarlıq edib.