Xəzər Xəbər

Xətai rayonunda bəzi evlər üçün təhlükə yaranıb VİDEO

Veb TV | 20:55 • 23 Fevral 2024
Xətai rayonunda bəzi evlər üçün təhlükə yaranıb

Xətai rayonunda yerləşən Zeytun küçəsinin sakinləri təhlükə ilə üz-üzədir. Çünki kanalizasiya xəttinin üzərindəki beton təbəqənin aşınması nəticəsində bir neçə evin qarşısında olan torpaq qatı çöküb.

Xezerxeber.az-ın məlumatına görə, ərazidə yaşayan sakinlər deyirlər ki, kanalizasiya xətlərinin üzərindəki dəmir-beton təbəqə aşınıb. Bu səbəbdən də torpaq çöküb.

"Azərsu" ASC-nin əməkdaşları əraziyə baxış keçirib, kanalizasiya borusunun keçdiyi yer qazılıb, amma 2 aya yaxındır ki, problem həllini tapmayıb.

Torpaq çökdüyü üçün qaz borusu da yararsız vəziyyətə düşüb. Hətta evlərin bir neçəsinin divarında çatlar əmələ gəlib.

Kanalizasiya xətinin bərpası üçün bir neçə evin həyətində qazıntılar da aparılıb, lakin bütün işlər yarımçıq qalıb.

Məsələ ilə bağlı "Azərsu" ASC-yə müraciət etdik. Qurumun əməkdaşı hadisə yerinə gəldi və bildirildi ki, ərazidən Xətai rayonunun ən böyük kollektorlarından olan Günəşli kollektoru keçir. Boru 1990-cı ildə çəkilib və istismar müddətini başa vurub. Onun dəyişdirilməsi isə mümkün deyil. Çünki üzərində qanunsuz evlər tikilib. Xüsusilə 4 ev təhlükə altındadır.  

Sukanal idarəsi problemlə bağlı müvafiq qurumları məlumatlandırıb. Lakin heç bir tədbir görülməyib.

Bir sözlə, 4 ev sökülməsə, kanalizasiya borusu təmir edilə və ya dəyişdirilə bilməz. Sürətlə axan çirkab suları da torpağın aşınıb çökməsinə, evlərin uçmasına səbəb ola bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti