Xəzər Xəbər

Mehdiabad sakinləri narazıdır – Sexdən çıxan tüstü ətrafı ZƏHƏRLƏNDİRİR VİDEO

Veb TV | 21:30 • 18 Fevral 2024
Mehdiabad sakinləri narazıdır – Sexdən çıxan tüstü ətrafı ZƏHƏRLƏNDİRİR

Sexdən havaya buraxılan maddələr 500-ə yaxın ailənin narahatlığına səbəb olub.

Xezerxeber.az xəbər verir ki, Abşeronun Mehdiabad qəsəbəsi "İstiqlaliyyət" küçəsində yaşayan sakinlərin iddialarına görə, Novxanı-Binəqədi yolunun üstündə fəaliyyət göstərən və fiziki şəxs Əjdər Atayevə məxsus tol sexi Mirzələdi gölünü və ətrafdakı yaşayış massivini zərərli maddələrlə çirkləndirir.

Sakinlərin sözünə görə, əsasən səhər saatlarında atmosferə buraxılan zərərli maddələr onların evlərinə qədər gəlib çatır. Məsələ ilə bağlı döymədikləri qapı qalmayıb. Sex sahibini isə ümumiyyətlə yerində tapa bilmədiklərini deyirlər.

Məsələyə sexdən münasibət almaq istəsək də, müəssisənin qapısını açan olmadı. Yerli İcra Nümayəndəliyi və Bələdiyyədən bildirildi ki, müraciətdən sonra bu barədə aidiyyəti qurumlar məlumatlandırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, qurumun verdiyi rəydə vurğulanıb ki, sözügedən tol sexindən atmosferə buraxılan maddələrin ətraf mühit üçün norma daxilində olub-olmamasını vizual yolla müəyyən etmək mümkün olmayıb. Nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq idarəsinin əməkdaşları tol sexinin yaxınlığında analiz ölçmə işləri aparıb və dəm qazının ətraf mühit üçün yol verilən hədd normasından artıq olduğunu müəyyən ediblər. Sözügedən müəssisədə "Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkaların maraqlarının müdafiəsi haqqında" qanunun tələbinə uyğun şəkildə yoxlama aprılması üçün Ədliyyə Nazirliyinin vahid məlumat reyestr xidmətinə müraciət olunub. Lakin yoxlamaların aparılmasına icazə verilməyib.

Sakinlər bu dəfə aidiyyəti üzrə məhkəməyə müraciət edəcəklərini bildirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti