Xəzər Xəbər

Azərbaycana elektromobillərin idxalı kəskin artır VİDEO

Veb TV | 20:54 • 15 Fevral 2024
Azərbaycana elektromobillərin idxalı kəskin artır

2019-cu ildən ölkəmizə elektromobillərin idxalında artım müşahidə olunur.

Xezerxeber.az-ın məlumatına görə, bunu "Vergi sistemi yeni inkişaf dövründə: Davamlı iqtisadiyyat üçün strateji hədəflər" mövzusunda keçirilən forumda ekologiya və təbii sərvətlər naziri vəzifəsini icra edən Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə Azərbaycana 2021-ci illə müqayisədə 20 dəfə çox elektromobil idxal olunub. Nazir həmçinin bildirib ki, iqlim dəyişikliyinin təsirini yumşaltmaq üçün tədbirlər görülüb və yeni qanun layihəsi də hazırlanıb.

Forumda iqtisadiyyat naziri vəzifəsini icra edən Mikayıl Cabbarov isə bildirib ki, özəl sektorda işçi sayı dövlət sektorundakı işçi sayını üstələyib. O qeyd edib ki, 2019-cu ildə təşviq əsaslı vergi siyasətinin icrasına başlanılanda 850 mindən çox muzdlu işçi dövlət müəssisələrində çalışırdı. 5 il ərzində aparılan uğurlu işlər nəticəsində özəl sektorda çalışan işçilərin sayı dövlət sektorunda çalışan işçilərin sayını üstələyib. Mikayıl Cabbarov həmçinin ölkəmizdə fəaliyyət göstərən sənaye zonalarında "yaşıl enerji" əsasında fəaliyyətin təşkilindən bəhs edib.

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin sözlərinə görə, ötən 5 il göstərdi ki, vergi orqanları Azərbaycanın iqtisadi inkişaf strategiyasının həyata keçirilməsinə öz töhfələrini vermək iqtidarındadır. Təkcə 2023-cü ildə həm iqtisadi artımın, həm də şəffaflaşma tədbirlərinin davam etməsi şəraitində nəzərdə tutulandan əlavə 1,1 milyard manat daxilolma təmin edilib.

Orxan Nəzərli həmçinin vurğulayıb ki, qarşıdakı dövrdə vergi inzibatçılığında yeni çağırışlara uyğun olaraq rəqəmsal platformaların təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti