Xəzər Xəbər

Bakıda törədilən dəhşətli qətl bu problemi aktuallaşdırıb - Haqlı suala cavab varmı? VİDEO

Veb TV | 19:49 • 15 Fevral 2024
Bakıda törədilən dəhşətli qətl bu problemi aktuallaşdırıb - Haqlı suala cavab varmı?

Beş nəfəri öldürməkdə şübhəli bilinən Əhməd Əhmədov taksi fəaliyyəti ilə məşğul olub və hər gün onlarla sərnişini daşıyıb.

İddialara görə, Əhməd Əhmədov taksi sürücüsü olub.

Başqa bir məlumata görə, həmin şəxs eyni zamanda Psixiatriya Xəstəxanasında qeydiyyatda olub. Bu hadisə taksi sürücülərinin sağlamlıq vəziyyəti ilə bağlı məsələni yenidən aktuallaşdırır.

Xezerxeber.az-ın məlumatına görə, son vaxtlar narkotik və psixotrop maddələrin təsiri altında saxlanan, elcə də psixolojı vəziyyəti normal olmayan sürücülərlə bağlı faktlar da sübut edir ki, ictiami xidmət növü hesab edilən taksi xidmətində ciddi boşluqlar var. Hətta sürücülər özləri də təsdiq edirlər ki, ölkədə fəaliyyət göstərən taksi şirkətlərinə qoşulub xidmət apararkən onlardan sağlamlıq vəziyyəti ilə bağlı heç bir sənəd tələb edilmir.

Bəs şirkətlər niyə bu qədər sürücünü işə götürərkən sağlamlıq haqqında arayış tələb etmir?

Bir neçə şirkətə zəng vuraraq bu suala cavab almaq istədik. Amma sualı eşidən kimi telefonu söndürdülər.

Yol hərəkəti qaydaları üzrə ekspertlər də deyirlər ki, sürücülərin tibbi müayinədən keçirilməməsi nəqliyyat sektorundakı ciddi boşluqdur.

Ekspertlər hesab edirlər ki, buna görə də psixoloji vəziyyəti normal olmayan, narkotik maddə və spirtli içki aludəçiləri vəziyyətdən istifadə edirlər. Bu da yollarda qəza riksini qaçılmaz edir.

Əslində ''Avtomobil nəqliyyatı haqqında” qanunda və Nazirlər Kabinetinin qərarında da var ki, taksi sürücüləri hər gün tibbi müayinədən keçməlidirlər. Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, taksi fəaliyyəti göstərmək üçün hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi və buraxılış kartına müraciət etdikdə tələb olunan sənədlərdən biri də reysqabağı texniki və tibbi müayinə müqavilələridir. Qeyd olunan sənədlər olmadığı təqdirdə daşıyıcılar icazəyə müraciət edə bilməyəcəklər.

Nazirlər Kabineti tərəfindən taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə müvafiq icazə veriləcək. Qeyd olunan sahə üzrə elektron qaydada icazələrin verilməsi prosesinə isə taksi fəaliyyətinə dair yeni tələblər müəyyən edildikdən sonra başlanılacaq. Bununla da bu sahədə uçot və nəzarət mexanizminin tətbiqi mümkün olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti