Xəzər Xəbər

Tovuz bazarının bir hissəsinin bağlanması satıcıların narazılığına səbəb olub VİDEO

Veb TV | 21:47 • 13 Fevral 2024
Tovuz bazarının bir hissəsinin bağlanması satıcıların narazılığına səbəb olub

Tovuz bazarında qida məhsulları və meyvə-tərəvəz satılan hissə bağlanıb. Bu da satıcıların narazılığına səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, illərdir piştaxtata arxasında dayanıb müxtəlif qida məhsulları, meyvə-tərəvəz satan 50-dən çox satıcıya bu gün bazar  rəhbərliyinin yeni tapşırığı çatdırılıb.

Satışın dayandırılmasına səbəb Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məhsulların antisanitar şəraitdə satılmasına qarşı tətbiq etdiyi qadağa və cərimələrdir.

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri İlkin Kərimov məsələ ilə bağlı “Xəzər Xəbər”ə bildirib ki, qeyd olunan ticarət mərkəzində məhsullar antisanitar şəraitdə satılır.

Onun sözlərinə görə, bununla bağlı sahibkarlara xəbərdarlıqlar etdikdən sonra cərimələr də tətbiq edilib. Satıcıların bir yerdən başqa yerə köçürülməsi isə Agentliyin səlahiyyətləri daxilində deyil.

AQTA sadəcə məhsulların sanitar normalara uyğun şəkildə satışını tələb edir.

Digər tərəfdən, bazarın sözügedən ərazisinin, 30 ildən çoxdur ki, bazar kimi istifadə olunan hissəsinin

əslində küçə olması bağlanmaya səbəb kimi göstərilir.

Sözügedən ərazi isə iki sahibkar arasında bölünüb. Ərazilər fərqli MMC-lərə məxsusdur.

Bazarın məsul şəxsləri isə iddia edir ki, satış həyata keçirilən yer qanunu sənədlər əsasında onların  ərazisi sayılır.

Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, mövcud vəziyyətlə bağlı müraciət bu gün daxil olub. Tərəflərin iddiası və məsələnin həlli istiqamətində araşdırma aparılacaq və uyğun addım atılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti