Xəzər Xəbər

Konstitusiya Məhkəməsi Prezident seçkilərinin yekunlarını təsdiqləyib VİDEO

Veb TV | 21:00 • 13 Fevral 2024
Konstitusiya Məhkəməsi Prezident seçkilərinin yekunlarını təsdiqləyib

Fevralın 13-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

Xezerxeber.az xəbər verir ki, iclasda 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsi hakimlərin məruzələrini, maraqlı subyektin qanuni nümayəndələrinin çıxışlarını, ekspertlərin rəylərini dinləyib, işin materiallarına baxaraq, 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarının təsdiq və rəsmən elan olunmasına dair qərar qəbul edib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qərarı oxuyub. Qərarda deyilir ki, 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunda əks olunmuş nəticələr təsdiq edilsin.

Qərara əsasən Azərbaycan Respublikasının prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilib.

Qeyd edək ki, MSK-nın yekun protokoluna əsasən, Əliyev İlham Heydər oğlu 92,12 faiz səslə prezident seçkilərində qalib gəlib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti