Xəzər Xəbər

Suraxanıda sürüşmə ocağı aktivləşib - Sakinlər narahatdırlar VİDEO

Veb TV | 19:50 • 9 Fevral 2024
Suraxanıda sürüşmə ocağı aktivləşib - Sakinlər narahatdırlar

Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisindəki sürüşmə ocağı aktivləşib. Hər gün daha da aktivləşən sürüşmə ərazisində yerləşən binanın sakinləri yaranmış vəziyyətdən təşvişə düşüblər.

Xezerxeber.az-ın məlumatına görə, Yeni Günəşli qəsəbəsi V massivindəki binada 322  mənzil mövcuddur.

Sakinlər deyirlər ki, bir müddət əvvəl ərazidə torpaq sürüşməsi başlayıb və sürüşmə hər gün daha da aktivləşir.

Ərazidəki sürüşmə ocağının aktivləşməsi yaxınlıqdakı digər tikililərə də ziyan vurub.

Sakinlər bildiriblər ki, ərazidəki vəziyyətlə bağlı əlaqədar əksər qurumlara müraciət edilib. Amma müsbət cavab ala bilməyiblər.

Binanın istismarını üzərinə görürən “Aerko” MMC-nin sədri də sakinlərin dediyini təsdiqləyib.

Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyindən bildirilib ki, ərazidə uzun müddətdir intensiv proseslər davam edir. Xüsusilə binanın yerləşdiyi ərazidən yaxın hissədən keçən tektonik pozulma xətti və onun çat zonalarının dinamikasında aktivlik və çökmə müşahidə olunur. Əraziyə baxış keçirdikdən sonra məlum olub ki, müəyyən tədqiqatlar aparılmalı və bərpa istiqamətində layihələr hazırlanmalıdır.

Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, ərazidə ekzogen-geoloji proseslərin baş vermə səbəblərinin öyrənilməsi üçün çöl tədqiqat işləri davam etdirilir. Geoloji tədqiqat işləri yekunlaşdıqdan sonra nəticələr baxılması üçün aidiyyəti qurumlara göndəriləcək.

Suraxanı Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxlamağa çalışdıq. Lakin ərazidəki problemlərdən xəbərdar olsalar da, suallarımız cavabsız qaldı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti