Xəzər Xəbər

Rəsmi Bakı: Ermənistanın davranışları sülh prosesinə mənfi təsir göstərir VİDEO

Veb TV | 19:33 • 9 Fevral 2024
Rəsmi Bakı: Ermənistanın davranışları sülh prosesinə mənfi təsir göstərir

Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasına həsr olunmuş mərasimdə xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanı hədəf alan bəyanatını qətiyyətlə rədd edir və pisləyirik.

Xezerxeber.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

Mətbuat katibi bildirib ki, həmin çıxış Ermənistanın Roma Statutuna qoşulmasının bu qurumlardan öz əsassız iddiaları, bədxah hərəkətləri, nifrət təbliğatı, dezinformasiya və beynəlxalq hüququn yanlış təfsiri üçün istifadə etmək cəhdi olduğunu bir daha nümayiş etdirir.

Onun sözlərinə görə, beynəlxalq birliyin Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını ala bilməməsi və 30 ilə yaxın müddətdə ərazilərimizin işğalına son qoyulmaması, Ermənistan tərəfindən kütləvi vəhşiliklər və insanlıq əleyhinə cinayətlər törədilməsinə, Ermənistanın müharibəni qızışdıran bəyanat və hərəkətlərini davam etdirməsinə maneçilik törətməməsi bu ölkədə cəzasızlıq hissinə təkan verib.

Ermənistanın uydurma tarixi rəvayətlərə və irqçi ideologiyaya əsaslanan qeyri-qanuni ərazi iddialarını reallaşdırmaq məqsədilə təcavüzü zamanı törətdiyi hərbi cinayətlərə, on minlərlə dinc sakini vəhşicəsinə qətlə yetirməsinə, həyata keçirdiyi genişmiqyaslı etnik təmizləməyə və işğal altında olan minlərlə şəhər, qəsəbə və kəndin yerlə yeksan edilməsinə görə beynəlxalq ictimaiyyət bu dövlətin məsuliyyət daşıdığını tələb etməldir.

Ayxan Hacızadə deyib ki, Ermənistanın davranışları sülh prosesinə mənfi təsir göstərir.

Mətbuat katibi əlavə edib ki, Azərbaycan tərəfi beynəlxalq hüququn ciddi pozuntularına görə cəzasızlığa son qoymaq, qanunun aliliyini təşviq etmək, regionda sülh, təhlükəsizlik və sabitliyin qurulması, möhkəmləndirilməsi və davam etdirilməsi istiqamətində səylərini davam etdirəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti