Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Azərbaycan Ordusunda şəxsi heyətin maarifləndirilməsi və vətənpərvərlik nümunələrinin təbliğ edilməsi istiqamətində silsilə tədbirlər keçirilib.
Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, faciənin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Ordusunun bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmələr, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlər çərçivəsində hərbi qulluqçular Şəhidlər xiyabanlarını ziyarət edib, hərbi hissə, müəssisə və təşkilatlarda 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmlər, videoçarxlar və kitab sərgiləri nümayiş etdirilib.
Mərasimlərdə xalqımıza qarşı məqsədli şəkildə törədilmiş 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışılıb, Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin baş vermiş hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları barədə ətraflı məlumat verilib.
Çıxış edənlər həmin tarixi dövrdə milli-azadlıq uğrunda mübarizəyə qalxmış oğul və qızlarımızın fədakarlığı, xalqımızın qəhrəmanlığı barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.